10 YAŞADƏK UŞAQLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI

22 aprel 2014-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2004 – 2005-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK, Əlifba Uşaq Tədris Evi, “Ay Ulduz” İdman Klubu, “Sərhədçi” İOM, “İnter” PİK, Nizami rayonu UGYM, T.İsmayılov adına UGYS, “Neftçi” İSM və Respublika Şahmat Klubunu təmsil edən 108 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 9 xalla Manafov Vüqar (1 №-li İOEUGŞDİM), II yeri 7 xalla Mürsəlli Mətin (2 №-li UGŞİM), III yeri 7 xalla Balayev Zaur (3 №-li UGŞİM), qızlar arasında I yeri 6,5 xalla Orucova Arzu (3 №-li UGŞİM), II yeri 6,5 xalla Orucova Nəcibə (RİOEUGŞM), III yeri 6,5 xalla Məmmədzadə Səyyarə (RİOEUGŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 7 xalla tutmuş Feyziyev Mirmusa (3 №-li UGŞİM) və qızlar arasında IV yeri 6,5 xalla tutmuş Allahverdiyeva Nigar (RİOEUGŞM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qaliblərimizi təbrik edirik !