Xəzər rayon gənclərinin bayram tədbiri

Fevralın 1-də eko-parkda Azərbaycan Gəncləri Günü ilə əlaqədar Xəzər rayon gənclərinin bayram tədbiri keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının, Xəzər İnkişaf Fondunun, Gənclər və İdman İdarəsinin nümayəndələri, rayonun gəncləri iştirak ediblər.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və Ulu Öndərin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu. Bildirilib ki, Azərbaycanın gələcəyi olan gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.

Milli Məclisin deputatı Rauf Əliyev bayram münasibətilə gəncləri təbrik edib, onların dövlətimizin başçısı tərəfindən yaradılmış imkanlardan istifadə edərək yüksək bilik və bacarıqlara yiyələnmələrinin önəmini qeyd edib.

Digər çıxışçılar da Gənclər Günü ilə bağlı təbriklərini səsləndirib, gənclərin ölkəmizin təbliğində, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında fəal iştirak etmələrinin zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda rayonun fəal gənclərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilənlərə vəsiqələr verilib.

Bayram tədbiri konsert proqramı ilə başa çatıb.