Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışmasının açılışı keçirilib

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman idarəsinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışmasının açılışı keçirilmişdir.

       Onlayn açılış mərasiminində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov, şəhid Ziyad Muradovun atası Muradxan Muradov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhidin təhsil aldığı 73 saylı tam orta məktəbin direktoru Füzuli Həsənov, Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, “Xəzər” İntellektual Gənclər Klubunun nümayəndəsi, yarışmanın koordinatoru Elmidar Suleymansoy, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, fəal gənclər və könüllülər iştirak etmişlər.

        Tədbirdə Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradov haqqında hazırlanmış videorolik nümayiş etdirilmişdir.

        Açılış mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, “Xəzər” İntellektual Gənclər Klubunun nümayəndəsi, yarışmanın koordinatoru Elmidar Suleymansoy, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov qeyd etmişlər ki, vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

        Sonra çıxış edən şəhidin atası Muradxan Muradov və təhsil aldığı 73 saylı tam orta məktəbin direktoru Füzuli Həsənov şəhidin uşaqlıq və məktəb illərindən məlumat verərək qeyd etdilər ki, Ziyad Muradov 3 fevral 1991-ci il tarixində Füzuli rayonunda anadan olub. 29 illik ömrünün cəmi iki ilini doğulduğu torpaqda yaşayıb. İgidimiz həmişə Vətən həsrəti, torpaq sevgisi ilə böyüyüb. Azərbaycan Ordusunun giziri olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı bir çox döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Ziyad Muradov oktyabrın 22-də Hadrut döyüşləri zamanı qəhrəmancasında şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra “Vətən uğrunda” və Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ziyad Muradovun Vətən sevgisi ilə yanaşı şeirə, poeziyaya da marağı olub. O, şeirlərində daima bu nisgili, hicranı dilə gətirib. “Qarabağlı” ləqəbini də özünə vətənə olan sevgisindən götürüb, şeirlərinin kitab halına salınıb çap olunmasını arzu edib. Şəhidimizin daha bir arzusu isə ölkəmizin ərazi bütövlüyünü təmin etmək, ailəsini Qarabağa aparmaq olub. Qarabağımız işğaldan azad olunsa da, təəssüflər olsun ki, Ziyad artıq ora ailəsi ilə gedə bilməyəcək, amma bəlkə də, ruhu artıq doğma diyarındadır.

                Sonda 73 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Əlizadə Ayan şəhidimiz qələmə gətirdiyi şeiri söyləmişdir.