Raqif Abbasov: Azərbaycan gəncləri 44 günlük müharibədə Vətən sevgisinin nə qədər böyük olduğunu nümayiş etdirdilər

Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilən bu gündə hər il müxtəlif tədbirlər, mərasimlər təşkil olunur, gənclərin problemlərinə həsr olunmuş bir sıra proqramlar həyata keçirilir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

R.Abbasov bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ziddiyyətli və mürəkkəb ictimai-siyasi proseslər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarı olan gəncliyin mütəşəkkil formada yetişdirilməsini zəruri edirdi. Cəmiyyətin tərəqqisinin dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən bilavasitə asılı olduğunu bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş Azərbaycan Gənclərinin Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi olması ilə bağlı ciddi göstəriş və mesaj idi. 1997-ci il fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” qanunun qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur”.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən idarə rəisi ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayan R.Abbasov deyib: “Bu gün əhalimizin 30 faizə yaxınını təşkil edən, sayı təqribən 2 milyondan çox olan Azərbaycan gənci qalib ölkənin qalib gəncləri əsl vətənpərvərlik nümunələri göstərirlər. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə formalaşmış gənclik Vətən müharibəsi zamanı böyük qəhrəmanlıqlar göstərərək 30 il həsrətində olduğumuz torpaqları işğaldan azad etdi. Gənclərimizin informasiya mübarizəsində böyük qələbəsini də xüsusi vurğulamaq lazımdır. Bu gün Azərbaycan gəncliyinin idman həyatı hərtərəfli inkişaf edib və gənclər idmana böyük maraq göstərirlər. Təsadüfi deyil ki, hər il dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımız Azərbaycanı layiqincə təmsil edirlər”.

R.Abbasov son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycanda könüllülük fəaliyyətində gənclərin də böyük payı olduğunu, ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə – “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllünün cəlb olunduğunu bildirib. O, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdığını qeyd edib.

İdarə rəisi Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin gənclərin və idmançıların ürəyincə olduğunu bildirib. O, bu ildə həm gənclər, həm də idman sahələrində bir çox maraqlı layihələrin nəzərdə tutulduğunu deyib: “Şuşa İli”ndə gənclər arasında silsilə tədbirlərin təşkili planlaşdırılır. Bu tədbirlər həm intellektual yarışlar, eyni zamanda, təbliğat xarakterli tədbirlər, həm də idman yarışları olacaq. Belə ki, intellektual yarışlar və tədbirlər vasitəsilə Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xan və Qarabağın digər tarixi şəxsiyyətlərinin fəaliyyəti, həyatı, tarixdəki rolu gənclər arasında geniş təbliğ ediləcək. Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə veloturun keçirilməsi, Gənclər və İdman Nazirliyinin xətti ilə müxtəlif yarışların təşkili istisna edilmir. “Xan qızı” ləqəbi ilə məşhur olan Xurşudbanu Natəvanın Fransa yazıçısı Aleksandr Düma ilə şahmat oynaması və yüksək intellekti sayəsində onu məğlub etməsi tarixi faktdır. Şuşada şahmat turnirlərinin təşkili də planlaşdırılır. Gənclərin Şuşaya ekskursiya arzusu var. Yenidənqurma və bərpa işlərinin davam etdiyi Azərbaycanın mədəniyyət paytaxtına ekskursiyalar da nəzərdə tutulub. Şuşa şəhərinə turların başlanması gənclərin Azərbaycanın bu gözəl diyarında olmaq, onu öz gözləri ilə görmək fürsəti yaradır. Düşünürük ki, “Şuşa İli” ilə bağlı hesabatımız maraqlı və yaddaqalan olacaq”.

R.Abbasov bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ötən il Şuşada “Mənim atam qəhrəmandır”, eyni zamanda “Mənim övladım qəhrəmandır” layihələrini reallaşdırıb. Həmçinin Olimpiya çempionları ilə birlikdə Şuşaya ekskursiya təşkil edilib. Baş İdarə rəisi ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə birlikdə Cəbrayıl rayonuna, eləcə də Xudafərin körpüsünə səfərin təşkilinin də maraqla qarşılandığını bildirib. Qeyd edib ki, ötən il Ağdam rayonunun işğaldan azad olunan hissəsində, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “Zəfər kuboku” yarışı keçirilib.