Tanınmış idman xadimi futbolla bağlı təkliflər verdi: “Qarabağ”ın uğurları azarkeşlər üçün azlıq edir” – MÜSAHİBƏ

“Mingəçevir Reqatası”nın Suqovuşan mərhələsini izləmək üçün Suqovuşana gələn Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Raqif Abbasov Rekord.az-a müsahibə verib. Suqovuşan təəssüratlarını bölüşən tanınmış idman xadimi Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı da fikirlərini bölüşüb və maraqlı təkliflərlə çıxış edib.

 

– Öncə bugünkü yarışla bağlı təəssüratınızı öyrənək…

– Suqovuşanda olmaq təkrarolunmaz hisslərdi. Hər qarışı şəhid qanı ilə sulanıb. Burda keçirilən hər bir yarışın xüsusi önəmi var. İkiqat sevindirici hal odur ki, bu yarış artıq ənənəvi hal alıb. Ümid edirik ki, burda gələcəkdə Azərbaycanı Avropa, dünya və Olimpiya Oyunlarında təmsil edəcək avarçəkənlərimiz yetişəcək. Ən azından burdan dünyaya mesaj veririk ki, biz dünyaya barış gətirmişik. İşğaldan azad olunmuş ərazilərimizdə bu cür idman, eyni zamanda mədəni tədbirlərin keçirilməsi ilə biz də həm də dünyaya qurucu, yaradıcı xalq olduğumuzun da mesajını vermis oluruq.

– Nazir də qeyd elədi ki, beş ay ərzində Suqovuşanda ikinci bu cür yarışı keçiririk. Sizcə, qısa müddətdə bu cür yarışların təşkili onu deməymizə əsas verir ki, tezliklə işğaldan azad edilmiş digər ərazilərimizdə daha mötəbər yarışlar keçirə bilərik?

– Bildiyiniz kimi, bu il həm də Şuşa ilidir və bu münasibətlə Şuşada həm velo yürüş, həm də şahmat üzrə beynəlxaq turnir keçirildi, bu gün Suqovuşanda beynəlxalq turnirdəyik, sabah Zəngilanda triatlon turniri keçiriləcək. Gələcəkdə Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında və digər işğaldan azad olunan ərazilərdə idman yarışlarının keçirilməsi mütləqdi, vacibdi və olacaq. Cənab prezident də bunu vurğulayıb. Havaya, iqlimə relyefə baxın. Burada gələcəkdə yarışlarla bərabər təlim-məşq toplanışları da olmalıdır. Çünki yüksək oksigen, yüksək dağ massivi olan ərazilərdə hazırlıq keçmək idmançıların fiziki dözümlülüyünü də artırır. Beynəlxalq yarışların keçirilməsi həm də beynəlxalq təlimlərə əsas verir. Qalır bu infrastrukturu qurmaq. Bunun üçün təkliflər də var. “İmarət” stadionunun bərpa olunması futbolun Ağdama gəlməsi deməkdir. Avarçəkmənin Suqvuşana gəlməsi də həmçinin. Eyni zamanda qış idman növlərinin inkişafı üçün də bir çox işlər görmək olar.

– “İmarət”dən söz düşmüşkən, hazırda bununla bağlı iş nə yerdədir?

– Layihələndirmə ümumi Ağdam şəhəri üçün aparıldığından “İmarət” stadionu buna qədər yerləşdiyi yerdən bir qədər fərqli məkanda nəzərdə tutulub. Cənab prezident də görüşü zamanı bunu vurğulayıb. Kompakt və təbii ot örtüyünü özündə əks etdirən, iqlim amilini də nəzərə alaraq, tək Ağdamın yox, ətraf bölgələrin komandalarının da təlim-məşq bazası rolunu oynaması məqsədəuyğun hesab olunur. Aydın məsələdir ki, qısa zamanda hər yerdə böyük stadionlar tikmək çətindir. Bu gün təəssüf ki, Şimal bölgəmiz futbolda təmsil olunmur. Çalışırıq ki, Qərb bölgəsi və Qarabağ bölgəsi xüsusi təmsil olunsun. Bu, həm də rəmzi mənada olur.

– Tanınmış idman adamı kimi, futbolumuzun hazırkı durumu ilə bağlı fikirləriniz də çox maraqlıdır.

– Bir neçə təklif irəli sürmək istərdim. Birincisi, ilkin seçim düz olmalıdır. Hansı ki, valideyn uşağın əlindən tutub futbola gətirir. İlk növbədə uşağın xüsusi istedadı, yaş, boy, genetik kod, xüsusi dözümlülük və bölgə təmsilçiliyi əsas götürülməlidir. İkincisi, peşəkar futbolçulardan, futbol veteranlarından daha çox faydalanmaq lazımdır. Tək Müşahidə Şurası üzvü formasında yox. Ümumiyyətlə, təklif edərdim ki, ictimai nəzarət şurası olsun və müxtılif bölgılərin ziyalı təbəqəsi də o şurada təmsil olunsun. Üçüncüsü, Şimal və Cənub bölgəsi gəlməlidir futbola. 10 komandaya gəlib çatmışıq, indi hədəfləməliyik 12 komandanı. Niyə Şimal və Cənub? İlk növbədə azarkeş amili və tarixi ənənə. Şimal və Cənub bölgəsinin futbola cəlb olunması ilə həm futbolda, həm də azarkeş amilində rəqabət yaranacaq və bu rəqabət nəticəsində milliyə də yaxşı futbolçular vermis olacayıq. Bir də biz indi futbolun yeni dönəmini yaşayırıq və mən də burdan futbol ictimaiyyətinə bir çağırış etmək istədim ki, sağlam tənqid olmaq şərti ilə məğlubiyyətlər düzgün təhlil olunsun və bununla da qalibiyyətə aparan yolda kömək olsun. Heç bir millət, xalq, komanda uduzmaq istəmir. Amma yetər artıq, biz də yei bir mərhələyə keçməliyik. “Qarabağ”ın uğurları artıq azarkeşlər üçün azlıq edir. Yeni bir qida lazımdır. Biz bunu “Neftçi”dən də gözləyirik, “Kəpəz”dən də gözləyirik, “Turan”dan da gözləyirik, “Sumqayıt”dan da gözləyirik, “Qəbələ”dən və s. komandalarımızdan da gözləyirik. Ən əsası, millidən bunu gözləyirik. Qoy, 17 yaşlılardan başlayaq, mərhələ-mərhələ ümidlənək. Həmçinin də qadın futbolunda. Necə kimi, mini-futbol millisi bunu etdi, minlərlə gənc, yeniyetmə futbola gəldi. Peşəkar, sağlam tənqid, azarkeş kütləsi, güclü marketinq futbola böyük təsir edəcək.

 

Anar XANLAROV, Suqovuşan