“Daun xəstəlik deyil, fərqlilikdir” adlı xeyriyyə tədbiri keçiriləcəkdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 11 noyabr 2022-ci il tarixdə saat 14:00-da Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə xeyriyyə tədbiri keçiriləcəkdir.
Xeyriyyə tədbirində bir neçə idman federasiyası, tanınmış idmançılar, ictimai birliklər iştirak edəcəkdir.
Tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və Daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir.
Qeyd edək ki, proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar təşkil olunmaqla yanaşı, mərkəzdə təhsil alan uşaqların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları təşkil olunacaqdır.