Baş İdarədə yüksək bal toplamış tələbələrlə görüş keçirildi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası istiqamətində ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir qrup tələbələrlə görüş keçirilmişdir. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi İlahə Məmmədova, tələbələr, valideynlər iştirak etmişdir.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov bildirmişdi ki, təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir. Bu prosesin fəal üzvü olmaq və uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Bu gün qarşımızda mühüm vəzifələr durur. Siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız. Cünki, sizlər güclü, yenilməz və qalib ölkənin gənclərisiniz.
Sonra tələbələrə asudə vaxtın səmərəli təşkili istiqmətində Baş İdarənin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, ekskursiyalarda, müxtəlif layihələdə fəal iştirak etmələri tövsiyyə olunmuşdur.
Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə hədiyyələr verildi və xatirə şəkli çəkildi.