Şahmat üzrə Bakı çempionatına yekun vurulub
Suraxanı Şahmat Məkəbində keçirilən şahmat üzrə Bakı çempionatı başa çatıb. Çempionatda 45 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.
Kişilərin mübarizəsində Rüstəm Rüstəmov 9 oyundan 7 xal toplayaraq Bakı çempionu olub. Tunar Davudov 6,5 xalla ikinci, Amin Qurbanov 6 xalla üçüncü olub.
Qadınların yarışında Xanım İsmayılova 9 oyunda 8 xal toplayaraq çempion olub. Nazlı Hümbətova aktivinə 7,5 xal yazaraq ikinci, Aytən Səfərova isə 6,5 xalla üçüncü olub.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, yarışın baş hakimi Mahir Cəfərov (İA), baş katibi Fidan Talıbova (NA) qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Baş İdarə və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiqlədiyi əsasnaməyə müvafiq olaraq, kişilər arasında ilk 8 yeri, qadınlar arasında isə ilk 6 yeri tutan şahmatçılar bu ilin dekabr ayında keçiriləcək respublika çempionatının I dəstəsinə vəsiqə qazanmışlar.