Ümumdünya QİÇS-lə mübarizə günü ilə bağlı tədbir keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” nə həsr olunmuş gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis polkovnik – leytenantı Asif Məlikov, X-XI sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Mütəxəssislər şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyələr verərək onları narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmunşatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı məlumatlandırıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan mütəxəssislər şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıblar.

Həmçinin, mütəxəssislər ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən də danışıblar.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və onlara maarifləndirici materiallar təqdim olunub.