Yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı Gənclər Evində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”mövzularında maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova , “Canlı işıqfor” Xalid Musayev iştirak ediblər.
Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilərək yolda daha diqqətli olmaları tövsiyə edilib. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirdə yol hərəkəti qaydalarının izahı zamanı uşaqlara yol hərəkət qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vasitələrindən istifadə olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.