Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2007 – 2008 və 2013 – 2014-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 84 nəfər idmançı (onlardan 29 nəfəri qızlardır) iştirak etmişdir.
Yekun nəticələrə əsasən 2007 – 2008-ci il təvəllüdlü qızlar arasında I yeri 6 xalla Aysel Rəhimova, II yeri 5 xalla Nərmin Qocayeva, III yeri 4 xalla Həvva Qəmbərova, oğlanlar arasında I yeri 6,5 xalla Amin Qurbanov, II yeri 6 xalla Kamal İsfəndiyarlı, III yeri 6 xalla Rəvan Uğuzov, 2013 – 2014-cü il təvəllüdlü qızlar arasında I yeri 7 xalla Məhsəti Hacıyeva, II yeri 7 xalla Xədicə Babazadə, III yeri 6,5 xalla Yasəmən Fərziyeva, oğlanlar arasında I yeri 7 xalla Nihad Əhmədli, II yeri 7 xalla Kamran Babayev, III yeri 6,5 xalla Elgün Xanəlizadə tutmuşlar.
Qeyd edək ki, 2007 – 2008-ci il təvəllüdlü oğlanlar arasında ilk 5 yeri, 2013-2014-cü il təvəllüdlü oğlanlar arasında ilk 4 yeri, həmçinin hər iki yaş qrupunda ilk 4 yeri tutan qızlar respublika birinciliyinə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.