Qaradağ rayonunda “2 Fevral – Azərbaycan Gənclər Günü” qeyd edildi.

            Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   Heydər Əliyev Mərkəzində “2 fevral- Gənclər Günü” ilə əlaqədar  tədbir keçirilmişdir.  Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, millət vəkili Aydın Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan tədbir daha sonra  öz işini Heydər Əliyev Mərkəzindəki  konfrans zalında davam etdirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov qeyd etdi ki, bu tarixi gün Azərbaycanın mükəmməl dövlət kimi təşəkkül tapmasında ən mühüm rоl оynamış, xalqımızın Ümummilli Lideri Hеydər Əliyеvin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü və müvafiq fərmanı ilə 1997-ci ildən başlayaraq hər il “2 fevral  Azərbaycan gəncləri günü” ölkəmizdə geniş  qeyd edilir.

      Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik etmiş, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulamış, dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından söz açmışdır.

       Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir