“20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

            Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəis müavini  Aydın Yusifov, Gəncliyə Yardım Fondunun icraçı katibi  Sedat Dəmir, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər.
              Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə cıxış edən qonaqlar 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd etmişlər. Onlar şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirərək 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin əvəzolunmaz işlər həyata keçirdiyini vurğulamışlar.
             Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb.  I yerə Arifə Babayeva (Xəzər rayonu 149 saylı orta məktəb), II yerə Xədicə Yaqubova (Binəqədi rayonu 83 saylı orta məktəb), III yerə isə Limanə Teyyubova (Xətai rayonu 86 saylı orta məktəb) layiq görülmüşlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir