Nərimanov rayonunda şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirilmişdir

       Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Modern Təhsil Kompleksin direktoru Mina Əliyeva, direktor müavini Kəmalə Bağırova, şəhid Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov, dayısı Nizami Mustafayev, bacısı Fəxriyyə Qurbanlı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, turnirin hakim heyəti, klub və cəmiyyətləri təmsil edən 37 nəfər idmançı iştirak etmişdir.
Turnirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Modern Təhsil Kompleksin direktoru Mina Əliyeva çıxış edərək yarış iştirakçılarını salamladılar və iştirakçılara uğurlar arzuladılar. Qeyd etdilər ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur.
Sonra çıxış edən şəhid Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov və şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev bildirdilər ki, 2016-cı ilin aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Daha sonra üzgüçülük turnirinə start verildi. Turnir 5 nominasiya üzrə keçirilib: 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında 50 m məsafəyə sərbəst üsul, 2010-2011-ci il təvəllüdlü oğlan və qızlar arasında 50 m məsafəyə sərbəst üsul və komanda şəklində estafet (4 x 25 m) yarışı.
Komanda hesabında I yeri “Sərhədçi” OİM-nin, II yeri “Şüa” İdman Klubunun və III yeri Bakı Modern Təhsil Kompleksinin komandaları tutmuşlar.
Turnirin sonunda hər nominasiya üzrə qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir