“ABAD məhəllə” mini-futbol yarışının paytaxt final mərhələsi keçirildi.

      Bu gün 27 dekabr 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cari ilin 3 dekabr tarixindən start götürmüş “ABAD məhəllə” mini-futbol yarışının paytaxt final mərhələsi Yasamal rayonu Məmməd Rahim küçəsi 20 və Ələsgər Ələkbərov küçəsi 15 a, 18 a saylı binaların əhatə etdiyi ABAD məhəllənin mini-futbol meydançasında keçirilmişdir.

      İki mərhələdən ibarət olan bu turnirdə 1300-ə yaxın 2004-2006-cı il təvəllüdlü oğlanlardan ibarət 100-dən artıq komanda mübarizə aparmışdır. 3-14 dekabr 2018-ci il tarixdə keçirilən rayonlardaxili  birinci mərhələdən paytaxt final mərhələsinə hər rayondan bir qalib komanda olmaqla 11 komanda  vəsiqə qazanmışdır.

     Olimpiya sistemi üzrə olduqca maraqlı və gərgin mübarizə şəraitində keçirilən turnirin yekun nəticələrinə əsasən I yerə Keşlə (Nizami rayonu) komandası, II yerə Sabunçu (Sabunçu rayonu) komandası, III yerə Lökbatan (Qaradağ rayonu) komandası layiq görülmüşlər.

       Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və kuboklarla təltif olunmuşlar.

        26-27 dekabr 2018-ci il tarixdə keçirilən “ABAD məhəllə” mini-futbol yarışmasının paytaxt final mərhələsinin oyunları sakinlər tərəfindən maraqla izlənmiş və rəğbətlə qarşılanmışdır. Təltif olunmada Baş İdarənin və  rayon gənclər və idman idarələrinin əməkdaşları iştirak etmişlər.