“Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilmişdir.

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, şagird və tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Gülverdiyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və bunun cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində silinməz iz buraxdığını, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadığını qeyd etdilər.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nahid Məmmədov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi, AXC və onun varisi olan müstəqil Azərbaycanda həyata keçirilən din siyasəti barədə məlumat verdi.
Çıxışlardan sonra mövzu ətrafında diskussiya aparıldı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirildi.