Azərbaycanlı və türkiyəli tələbələr qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər

   Yanvarın 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Türkiyənin Beynəlxalq Gənclik Dərnəyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

    Görüşdə Baş İdarənin rəhbərliyi, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrləri və Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr iştirak ediblər.

Söhbət zamanı azərbaycanlı və türkiyəli gənclər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin Azərbaycan ilə bağlı daha geniş məlumata sahib olmalarının əhəmiyyəti və s. məsələlər ətrafında müzakirələr aparılıb.

     Baş İdarənin rəisi Raqif Abbasov qonaqlara ölkəmizin tarixi, müstəqillik mübarizəsi və sürətli inkişafı barədə ətraflı məlumat verib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətə çevrildiyini vurğulayıb. R.Abbasov bu gün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini, ölkəmizin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində təmsil olunduğunu diqqətə çatdırıb. Azərbaycanda bütün sahələr kimi, gənclərin də dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan Baş İdarə rəisi bu gün gənclərimizin dünyanın ən mötəbər universitetlərində təhsil aldıqlarını qeyd edib. Bildirib ki, qardaş ölkə Türkiyədə daha çox azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda da xeyli sayda türkiyəli tələbələr təhsil alırlar. Onlar yüksək səviyyədə ali təhsil almaqla yanaşı, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini verirlər.

   Nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qardaş ölkələrimiz arasındakı münasibətlərin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıblar.

       Sonra müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

    Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, o cümlədən görməli yerləri ilə tanış olublar.