Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Yasamal rayon gənclərinin konfransı keçirilmişdir.

  Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən 22 may 2014-cü il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Yasamal rayon gənclərinin konfransı keçirilmişdir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər  və QHT-lərin üzvləri iştirak etmişlər. Konfransın təşkil edildiyi akt zalının foyesində rayon gəncləri arasında keçirilmiş müxtəlif mövzulardan ibarət rəsm sərgisi də nümayiş etdirilmişdir.

  Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra konfransı açıq elan edən Yasamal rayon Gİİ-nin rəisi İlham Səfərov tədbir iştirakçılarını salamlamış və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan Gənclərinin Forumunun keçirilməsinin qərara alındığını qeyd etmişdir. Konfransın gündəliyi təsdiq olunduqdan sonra İ.Səfərov hesabat məruzəsi ilə çıxış etmiş etmiş, daha sonra söz ardıcıllıqla çıxışçılara verilmişdir. Çıxışlar bitdikdən sonra Azərbaycan Gənclərinin VII Forumunda Yasamal rayonunu təmsil edəcək nümayəndə heyəti seçki yolu ilə müəyyən olunmuşdur.

  Konfransda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək konfransın işini yüksək qiymətləndirmiş, rayon gənclərinə gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulamışlar.

  Konfransın sonunda qətnamə, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.