Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Prezidentin çağırışına qoşulublar

     Bu günlərdə erməni silahlı bölmələri tərəfindən cəbhə boyu bəzi istiqamətlərdə, xüsusilə Tovuz rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində növbəti dəfə atəşkəs rejimi pozularaq təxribata cəhd göstərilmişdir. Bu təxribat nəticəsində şəhid olan və yaralanmış hərbçilərimiz var.

       Şanlı Azərbaycan ordusunun tutarlı cavabı da gecikmədi, bir-neçə gün ərzində düşmənin xeyli sayda canli qüvvəsi, hərbi texnikaları ilə yanaşı, dayaq hərbi məntəqələri də məhv edilmişdir. Son məlumatlardan aydın görürük ki, hal-hazırda ermənistan cəmiyyəti sarsıntı və təşviş içindədir. Cənab Prezidentin Təhlükəsizlik Şurasındakı çıxışı və xalqa müraciətindən sonra çox sayda vətəndaşımız, o cümlədən paytaxt gənci və idmançıları ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər. Onlar deyirlər:

        “Biz bilirik ki, düşmənin hər bir həmləsinə layiqincə cavab verən güclü ordumuz var və işğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Xocalıda qısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaqdır. Lakin qəhrəman əsgər və zabitlərimizlə torpaqlarımızın bütövlüyü ugrunda çiyin-çiyinə döyüşmək arzusundayıq. Biz, Ali Baş Komandanın əmrini gözləyirik”

         Ölkə Prezidentinin çağırışına qoşulan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin bütün əməkdaşları da Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, rəsmi qeydiyyatdan keçmiş və Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirmişlər.