BAKIDA İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİR KEÇİRİLMİŞDİR

       Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo federasiyasının birgə təşkilatçılığı ilə  Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları  general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXIX beynəlxalq turniri keçirilmişdir. Yarışdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb.

          Turnirin təntənəli açılış mərasimi saat 16:00-da baş tutmuşdur. İlk öncə monitorda  general-mayor  Həzi  Asilanovun şərəfli ömür yolundan bəhs edən sənədli film göstərilib. Sonra yarış iştirakçılarının və hakimlərin idman paradı olub

          Açılış mərasimində gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov, Azərbaycan Veteranlar İttifaqının sədr müavini polkovnik Cəlil Xəlilov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı iştirak etmişlər.

        Açılış mərasimində çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar. Natiqlər 39-cu dəfədir Bakıda keçirilən beynəlxalq yarışda bu il 7 ölkənin yeniyetmə cüdoçularının mübarizə apardığını söyləyiblər. Turnirin yüksək səviyyədə təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürlərini bildiriblər. Beynəlxalq turnir açıq elan olunduqdan sonra dövlət himnimiz səsləndirilib.

             Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə apariblar.   Ümumi komanda hesabında Azərbaycan  birinci, Özbəkistan ikinci, Ukrayna üçüncü  yerləri tutublar. Qaliblərə medal, diplom və xatirə hədiyyələri, həmçinin general-mayor Həzi Aslanovun xatirə medalı da  təqdim olunub.