“BAKU OPEN – 2015” BEYNƏLXALQ ŞAHMAT FESTIVALINA START VERILDI

  6 sentyabr 2015-ci il tarixdən Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2015” beynəlxalq şahmat festivalının uşaq turniri başlanmışdır. Turnirin rəsmi açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. 2003-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə, Sumqayıt, Ağdam, Quba, Şabran, Ucar, Zəngilan, Lənkəran, Şəmkir şəhər və rayonları ilə yanaşı Özbəkistan Respublikasını təmsil edən 90 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir. Turnirə 14 sentyabr tarixində yekun vurulacaqdır.