Baş İdarədə niyyət protokolları imzalandı

          20 sentyabr 2019-cu il tarixdə Baş İdarənin konfrans zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında niyyət protokolları və birgə təşkil ediləcək tədbirlərin əsasnamələrinin imzalanma mərasimi keçirilmişdir.

             Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov giriş sözü ilə qonaqları salamladıqdan sonra son vaxtlar Heydər Əliyev Fondunun vitse – prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Bakının bir çox məhəllələrində aparılan abadlıq işləri, müxtəlif idman qurğularının istifadəyə verilməsi, nəticədə uşaq və yeniyetmələrin asudə vaxtlarında həmin qurğulardan səmərəli istifadə etməsini vurğulamışdır.

           Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin üzvü Sevinc Hüseynova öz çıxışında məktəbyaşlı uşaq və yeniyetmələrin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, onlar arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəaliyyətin artırılması, məhəllə idmanı üzrə beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, həmçinin iştirakçılarda vətədaşlıq və vətənpərvərlik hislərinin aşılanması məqsədilə Baş İdarə və Federasiyanın birgə təşkilatçılığı ilə təşkil edilərək keçiriləcək basketbol, məhəllə futbolu, stolüstü tennis, atletika, şahmat və dama növləri üzrə yarışlar haqqında geniş məlumat verdi.

         Çıxışlardan sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin üzvü Sevinc Hüseynova birgə təşkil ediləcək tədbirlərin əsasnamələrini imzalamışlar.

        Daha sonra Raqif Abbasov son illər ölkəmizdə könüllülk fəaliyyətinin formalaşaraq sürətlə inkişaf etdiyini, ölkəmizdə keçirilən birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışması, Avropa Gənclər Yay Olimpiya Festivalında çoxsaylı Azərbaycan könüllüsünün fəaliyyət göstərdiyini vurğulamış, ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman könüllülərin fəaliyyətinin yüksək qiymətləndirilməsini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

         “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin koordinasiya edilməsi, gələcəkdə keçiriləcək idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması məqsədilə təsis olunmuş ictimai birlik haqqında geniş məlumat vermiş, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları arasında həmrəyliyin təmin edilməsi, könüllü təşkilatlarda fəaliyyət aparan gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyətin artırılması məqsədilə Baş İdarə və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilərək keçiriləcək “Könüllülər Kuboku” layihəsinə daxil edilmiş basketbol, atletika, stolüstü tennis, şahmat, dama, mass-reslinq, peyntbol, boulinq və mini-futbol növləri üzrə yarışlar haqqında geniş məlumat verdi.

                Çıxışlardan sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə birgə əməkdaşlıq barədə niyyət protokolu və “Könüllülər Kuboku”nun əsasnamələrini imzalamışlar.