Baş İdarə gənclərin Qubadakı kütləvi məzarlığa ziyarətini təşkil edib

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbə gənclərinin Quba rayonunda tapılan kütləvi məzarlığa və Quba Soyqırımı Memorial Kompleksinə səfərini təşkil edib.  Səfər zamanı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib və kütləvi məzarlıq üzərinə çiçəklər düzüblər. Gənclərə 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqrımı haqqında ətraflı məlumat verilib, sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb.

     Günün ikinci yarısında isə səfər iştirakçıları, rayon gəncləri ilə birlikdə Qusarda dəfn olunmuş milli qəhramanımız Çingiz Qurbanovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Gənclərimiz müxtəlif vətənpərvərlik şüarları səsləndiriblər.

     Qeyd edək ki, Baş idarə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlərini davam etdirir.