Binəqədi rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi

     “Elite” əyləncə və istirahət mərkəzində “2 Fevral – Azərbaycan Gəncləri günü” münasibətilə əyləncəli tədbir və Formula 1 – Avropa Qran Prisinin keçirilməsi münasibətilə “Kartinq” üzrə Binəqədi rayon birinciliyi keçirilmişdir.

    Əvvəlcə “Kartinq” üzrə Binəqədi rayon birinciliyinin ilk dövrəsi keçirildi. Qeyd edək ki, birincilikdə hər birində 5 nəfər olmaqla 5 komanda – “Qala”, “Gənclik”, “Formula 1”, “Qələbə”, “Atəşgah” – mübarizə aparmışdır.

   Tədbirin rəsmi hissəsində  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, rayonun mədəni-kütləvi tədbirlərində və ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan aparıcı Elgün Hüseynov “2 Fevral-Azərbaycan Gəncləri günü” haqqında qısa məlumat verdi. Sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Mahmud Mahmudov ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirməsi üçün yaradılmış şəraitdən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

     Sonra çıxış edən natiqlər, Azay Quliyev, Raqif Abbasov və Aygün Əliyeva ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin dünyada nümunə olduğunu xüsusi vurğuladılar. Bildirdilər ki, “2 Fevral-Azərbaycan Gəncləri günü” ümummilli lider Heydər Əliyevin gənclərə sevgisinin bariz göstəricisidir. Bu gün ölkəmizdə savadlı, vətənpərvər, eyni zamanda, yüksək intellektə sahib rəqabətə davamlı gənc nəsil formalaşır.

  Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd edilməsi haqqında 2016-cı il 27 yanvar tarixli 16 nömrəli Sərəncamına uyğun olaraq rayonun mədəni-kütləvi tədbirlərində və ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup gəncin Fəxri Fərmanla təltif olunması mərasimi ilə davam etdirildi.

  Təltif olunma mərasimindən sonra iştirakçılar “Kartinq” üzrə Binəqədi rayon birinciliyinin final mərhələsini izlədilər. Finalda “Qala” komandası I yeri, “Gənclik” komandası II yeri, “Formula 1” komandası III yeri tutdu.

   Qaliblərə medallar və kubok təqdim olundu.

   Daha sonra tədbir mədəniyyət müəssisələri və rayonun istedadlı gənclərinin hazırladıqları proqram, o cümlədən, incəsənət ustalarının çıxışları və diskoteka ilə davam etdirildi.