Binəqədi rayonunda məhəllə futbolu başa çatdı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayonu Gənclər və İdman İdarəsi tərəfindən   248 nömrəli tam orta məktəbin mini-futbol meydançasında 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir. 6 avqust tarixində gərgin oyun şəraitində keçirilən 3-cü yer uğrunda oyunda Azəri komandası 6-5 (əsas oyun 4-4, 7 metrlik zərbələrlə 2-1) hesabı ilə qalib gəlmiş, final oyununda Azadlıq komandası Ümid komandasına 3-1 hesabı ilə qalib gəlmişdir. Turnirin sonunda təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Çıxış edən rəsmi şəxslər Prezidentin “2005-2015-ci illər ərzində Azərbaycanda Futbolun İnkişafına dair Dövlət Proqramın”nın icrasının təmin edilməsi, uşaqların asudə vaxtlarının səmərəli təşkili, uşaq futfolunun inkişafı, futbol yarışlarında kütləviliyin təmin edilməsi məqsədilə uşaq və yeniyetmələr arasında bu tipli yarışların keçirilməsinin böyük rol oynadığını vurğulamışlar. Sonda qalib komandalar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kubokla təltif edilmişlər.