BŞGİBİ-nin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.

    Nərimanov rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.
Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisini və fəal gəncləri salamlamış, Raqif Abbasovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.
N.Novruzov çııxış edərək Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışdı.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat vermiş və bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Bildirib ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan R.Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib. Bu gün Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin olduğunu bildirən Baş İdarənin rəisi deyib ki, bunun üçün gənclərimiz fəallıqlarını daha da artırmalıdırlar. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.
Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi gəncləri maraqlandıran sualları cavablandırıb.
Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin 5 nəfər tələbə-gənclər təşkilatının sədrləri Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində yaxından iştirakına və təhsilində fərqləndiyinə görə fəxri fərman və hədiyyələr ilə təltif olunmuşlar.
Sonda Nərimanov rayon gənclərinə ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya, onların layihələrini hər zaman dəstəklədiyinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunmuşdur.