“Bu gün Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyət yükü böyükdür”- MÜSAHİBƏ-ÖZƏL

Raqif Abbasov: “Azərbaycanın təbliğat işində əlimizdən gələni etməliyik”

Azərbaycanda 2 fevral-Gənclər Gününün rəsmi şəkildə qeyd edilməsindən 25 il keçir. Ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə ərməğan edilən bu gündə hər il ölkədə müxtəlif səpkili tədbirlər təşkil olunur. Bəs, 2 fevral Gənclər Gününün təsis edilməsi ümumilikdə Azərbaycan gənclərinə nə verdi və gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakına hansı imkanlar yaratdı. Bu və ya digər suallarla Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla söhbətləşdik.

-Raqif müəllim, qarşıdan 2 fevral-Gənclər Günü gəlir və artıq 25 ildir ki, bu gün rəsmi şəkildə qeyd edilir. Sualım ondan ibarətdir ki, 2 fevral Gənclər Gününün qeyd edilməsi gənclərin ölkənin ictimai-siyasi, sosial həyatında daha yaxından iştirak etməsinə nə dərəcədə töhfə vermiş oldu?

-Sizin də qeyd etdiyiniz kimi, bu il 2 fevral- Azərbaycanda Gənclər Gününün təsis edilməsinin 25 ili tamam olur. Bu tarix ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ilin 2 fevral tarixində ulu öndər ölkədə ilk dəfə keçirilən Gənclər Forumunda gənclərlə görüşü zamanı ölkəmizdə Gənclər Gününü təsis etdi və 1997-ci ilin 2 fevral tarixindən ölkəmizdə Azərbaycan gəncliyinin öz günü, öz bayramı var. Bu həm də bizim hesabat günümüzdür. Bu gün əhalisinin 30 faizə yaxını, say baxımından təqribən 2 milyondan çox olan Azərbaycan gənci qalib ölkənin qalib gəncliyidir. Cənab Prezident, Ali Baş Komandanımızın vurğuladığı kimi məhz Onun, yəni dövlət başçımızın ölkəyə rəhbərliyi dövründə formalaşmış gənclik 30 il həsrətində olduğumuz torpaqları 44 gün ərzində Vətən müharibəsi zamanı işğaldan azad etmiş oldu. Azərbaycan gəncliyi fərqlənən,  ideoloji cəhətdən bayrağa, torpağa bağlı, milli dəyərlərə söykənmiş, savadlı, bölgəsindən, rayonundan, peşəsindən asılı olmayaraq öz üzərində işləyən, Azərbaycanın gələcəyinin daha da çiçəklənməsinə çalışan layiqli bir gənclikdir. Ölkənin daxilində elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasın. İctimai-siyasi proseslərdə sosial və mədəni həyatda, bir sözlə bütün istiqamətlərdə gənclik var. Onun kreativ ideyaları, təklifləri ilə gəncliyin daim axtarışda olduğu göz önündədir. Eyni zamanda Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, həmçinin ölkə hüdudlarından kənarda da əvvəlki dövrlərdən fərqli olaraq müsbət mənada seçilir, güclü, qüdrətli, qalib ölkənin vətəndaşı olmağı ilə fəxr edir. İstər təhsil aldığı xarici dövlətlərin aparıcı tədris ocaqlarında, istər bu və ya digər sahədə ölkəni qeyri-hökumət təşkilatları, dövlət qurumları vasitəsilə təmsil edən gənclik əlindən gələni edir ki, Azərbaycanın dünyaya inteqrasiyasında fəal rol oynasın.

Bu gün Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyət yükü böyükdür və bunu dərk edərək nəsillər, gələcək qarşısında tam hazırlıqlı olaraq öz üzərində daim çalışmalıdır. Biz Azərbaycan gəncliyi olaraq bizdən sonra gələn nəsillər, gənclik  qarşısında Azərbaycanın güclənməsi üçün daha kamil, daha peşəkar, öz üzərində məsuliyyət yükünü dərk edərək, axtarışda olaraq, ideoloji xəttə söykənərək Azərbaycanın təbliğat işində əlimizdən gələni etməliyik. Ancaq bu o demək deyil ki, bu günkü Azərbaycan gəncliyinin çətinliyi yoxdur və ya onun bütün məsələləri həllini tapıb. Xeyr, bu belə deyil. Nə qədər ki, tələb var, həyat, iş, qarşısında duran hədəflər var, Azərbaycan gəncliyi daim bunların həlli istiqamətində iş aparmalıdır. Biz müştərək olaraq gənclər siyasətində gördüyümüz işləri nə qədər çox artırmış olsaq, görüləcək işlər də bir o qədər çox olacaq.

-Belə çıxır ki, dövlətin gənclərə diqqət və qayğısı, onlara yaratdığı şəraitin fonunda gənclərin fəaliyyəti adekvat deyil?

-Əgər biz bu gün gənclərin dayaq nöqtəsi olaraq müraciət edə biləcəyi dövlətin aidiyyati strukturlarına nəzər yetirsək görərik ki, istər Prezident Administrasiyasında müvafiq şöbənin fəaliyyət göstərməsi, istər Gənclər və İdman Nazirliyinin mövcudluğu, istər Milli Məclisdə gənclərlə bağlı komissiyanın olması, istər Gənclər Fondunun təsis edilməsi, istərsə də QHT sahəsində gənclərin mütləq əksəriyyət çoxluq təşkil etməsi Azərbaycan gəncliyinin müraciət edə biləcəyi mənbələrdir. Dünyada xalqların sayı çox olsa da, lakin dövlətlərin sayı ona nisbətən azdır. Ulu öndər Heydər Əliyevin dili ilə demiş olsaq dövlətçilyin gücü gənclərin gələcəyinin təminatından keçir.  Bu baxımdan müasir gənclik gözləməməlidir. Bu günkü gənclik sadəcə olaraq “məni gəlib seçsinlər” düşüncəsindən bir az uzaq olmalıdır. Özünü cəmiyyətə inteqrasiya edərək özünü təqdim etmək bacarığında olmalıdır. Bu fəaliyyət, fəallıq daha çox artmalıdır. Ona görə ki, dünyanın çağırışı, müasir dövrün, sürət əsrinin tələbatı eyni zamanda sağlam rəqabətlilikdən keçir. Bu baxımdan özünü təqdim  etmək bacarığı sadəcə olaraq bilik və bacarıq deyil, eyni zamanda həmin bilik və bacarığı ortaya qoymaq iqtidarından keçir. Məhz bu ortaq məqam, dövlət, cəmiyyət, gəncllik vəhdəti fərdin gələcəkdə faydalılıq əmsalının, bilik və bacarığının ortaya qoyulması üçün köməklik edəcək.

-Bəs, rəhbərlik etdiyiniz İdarə qeyd etdiyiniz fəallığın artırılması məqsədilə hansı tədbirlər görür?

-Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi funksional iş bölgüsünə, təsdiqlənmiş illik tədbirlər planı, mövcud olan qanunlara, Azərbaycan Respublikasının Konstitusiyasına, Cənab Prezidentin fərman və sərəncamlarına, Gənclər və İdman Nazirliyinin əmr və sərəncamlarını rəhbər tutaraq daha çox maarifləndirmə və təbliğat işi ilə məşğul olur. Burada xüsusi olaraq onu vurğulamaq lazımdır ki, biz yalnız Gənclər Günü, bayram ərəfəsində hansısa silsilə tədbirlərlə deyil, il ərzində müxtəlif müştərək layihələr vasitəsilə gənclərin özünü təqdim edib cəmiyyətə tanıtması üçün çalışırıq. Bizim gənclərlə bağlı fəaliyyət coğrafiyamız çox genişdir. İstər hərbi vətənpərvərlik (bura şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid övladları ilə iş daxildir), istər intelektual cəbhədə (Nə? Harada? Nə zaman?, “Xəmsə” milli intelektual oyunları), istər asudə vaxtın səmərəli təşkili, istər tədris ocaqları ilə müştərək işin görülməsi, istərsə də mədəniyyət və incəsənət sahəsi (rəsm, inşa, esse müsabiqələrinin keçirilməsi) və məşğulluqla bağlı dövlət və qeyri-hökumət strukturlarında əmək yarmarkaları vasitəsilə gənclərin özlərini təqdim etməsi və digər bu kimi istiqamətlərdə layihələrimiz var və biz bunları edirik. Ancaq bütün bunlarla yanaşı cəmiyyətdən gələn çağırışlar var. Bu gün gənclərlə bağlı elə məsələlər var ki, həmin sahələrdə işlər daha çox artırılmalıdır. Məsələn, bura ailə institutunun qorunması, depressiv vəziyyətə düşən gəncliyin bu problemdən xilas edilməsi, gənclərin işlə təminat məsələsi, paytaxt və bölgələrdə olan disproporsiyanın mövcudluğu, xaricdə təhsil almış gənclərin Vətənə qayıtması və burada işlə təmin olunması, eyni zamanda beynəlxalq təcrübəni öyrənərək onun Azərbaycan milli ideologiyasına uyğunlaşdırılaraq tətbiqi kimi məsələlər daxildir və bunlar da bizim mütləq əksəriyyət təşkil etdiyimiz layihələr sırasında yer alır. Bütün bunlar da yerlərdən gələn təkliflərdən irəli gəlir. Məsələn, bundan əvvəl gənclərlə bağlı qəbul edilmiş Dövlət Proqramlarının tərtibi mütləq qaydada sosioloji sorğu, monitorinqlər vasitəsilə gənclərə verilmiş mesaj və onlardan gəlmiş təkliflər əsasında formalaşmışdı. Nəzərə almaq lazımdır ki, bu gün hər bir şey sürətlə, həm də çox tez dəyişir. Bu gün bizim üçün işğaldan azad edilmiş ərazilərin bərpasından başlayaraq, dünyaya inteqrasiya kimi məsələlər əsas prioritet istiqamətlərdir. Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında müştərək həyata keçirdiyimiz layihələrin özəyində də məhz o dayanır ki, yeni peşələr, sahələr ortaya gəlir (kosmik sənaye, robototexnika) və gənclər də qeyd edilən istiqamətlərə diqqət ayıraraq gələcəkdə həmin peşələrə, sahələrə tələbat olduğu halda özlərinə müvafiq iş tapmış olsunlar. Cəmiyyətin dəstəyi olmadan heç bir dövlət qurumunun həyata keçirdiyi layihələr və tədbirlər hansısa gücə malik olmayacaq. Bu yalnız cəmiyyətin dəstəyi nəticəsində baş verə bilər.

-Depressiv amilləri qeyd etdiniz, həqiqətən də son vaxtlar gənclər arasında bu cür mənfi tendensiya artıb və intihar edən insanlar arasında gənclər daha çox üstünlük təşkil edir. Siz bir İdarə olaraq araşdırma və ya təhlil aparmısınızmı ki, gəncləri intihara sövq edən başlıca amillər nələrdir? Çünki gənclər arasında intiharların mütləq əksəriyyəti heç də sosial problem, yaxud işsizliklə bağlı deyil.

-Təbii ki, bu istiqamətdə də müəyyən fəaliyyətlərimiz var. Bu məqsədlə psixoloqları Baş İdarəyə dəvət edib onlarla problemi müzakirə etmişik. Həmçinin bu istiqamətdə dünya təcrübəsi ilə maraqlanmışıq və hazırladığımız təkliflər paketini Gənclər və İdman Nazirliyinə təqdim etmişik. Bu günkü gündə də qeyd edilən istiqamətdə araşdırma aparılır və burada kompleks yanaşmaya ehtiyac var. Əvvəla, biz postmüharibə dövründə olan bir dövlətik. İkinci məsələ ondan ibarətdir ki, burada yalnız sosial  problemlər əsas rol oynamır.

Günümüzdə bizim həyatımıza yeni proseslər inteqrasiya edib və dərs vəsaiti, kitabdan uzaq düşərək elektron cihazlara üstünlük verilməsi, gün ərzində iş planının düzgün qurulmaması, sosial fərqlilik, həmçinin sosial şəbəkələrin mənfi təsirir, digər tərəfdən gün ərzində əldə edilən informasiyanın çoxluğu və bu informasiyanın düzgün çatdırılmaması, yaxud qəbul edilməməsi, keçid dövründə olan valideynərin hazırlıqsızlığı və öz övladları ilə işin zəifliyi, vətəndaş cəmiyyətinin tam formalaşmayaraq bu və ya digər problemə zamanında basqısının olmaması kimi amillər qeyd edilən mənfi tendensiyalara yol açır.

-Raqif müəllim, Baş İdarə “Şuşa İli” ilə bağlı hansı tədbirlər keçirməyi nəzərdə tutub?

-Cənab Prezidentin 2022-ci ili “Şuşa İli” elan etməsi gənclərin və idmançıların ürəyincədir. Bu çərçivədə həm gənclər, həm də idman sahəsində bir çox maraqlı layihələrimiz nəzərdə tutulur. Məlumat üçün qeyd edim ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq artıq Şuşa şəhərində “Mənim atam qəhrəmandır”, eyni zamanda “Mənim övladım qəhrəmandır” adlı layihələri gerçəkləşdirmişik. Həmçinin Olimpiya çempionları ilə birlikdə Şuşa şəhərində olmuşuq. Bununla yanaşı ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə birlikdə Cəbrayıl rayonuna səfər edib Xudafərin körpüsündə olmuşuq. 1 noyabr 2021-ci il tarixində Ağdam rayonunun işğaldan azad olunan hissəsində, Azərbaycan Prezidentinin xüsusi nümayəndiliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “I Zəfər Kuboku” yarışı keçirilib. İl ərzində də gənclərin iştirakı ilə Şuşa şəhərində maraqlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bir sözlə istər idman, istərsə də gənclərlə bağlı il ərzində maraqlı layihələrimiz olacaq. Düşünürük ki, 2022-ci ilin sonunda “Şuşa İli” ilə bağlı olan hesabatımız maraqlı, yaddaqalan və cəmiyyətimiz üçün əmsalı faydalı olan bir iş olacaq.

Süleyman İsmayılbəyli

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort