CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ DAMA VƏ ŞAHMAT TURNİRLƏRİ KEÇİRİLMİŞDİR

   Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilmişdir. Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Odeks Emanuel, II yeri Quliyev Elməddin, III yeri Fon-pernes Viktor, şahmat üzrə I yeri Dukaşvili Lenavi, II yeri Xanəliyev Namiq, III yeri Sərbaz Mehrac tutmuşlar.
Tədbirin rəsmi bağlanış mərasimində Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamışlar.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.