Cəbhə bölgəsində əsgərlərlə görüş keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü ərəfəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, idmançı və ictimai fəal gənclərin Naftalan şəhərində və Tərtər rayonu ərazisində ön xətdə xidmət edən əsgərlərlə görüşü keçirilmişdir.
Qonaqlar əvvəlcə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə olmuşlar. Əsgərlər qarşısında çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan bəhs etmiş, əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirmişlər.
Sonra “Şur” ansamblının ifasında konsert proqramı olmuşdur.
Daha sonra qonaqlar Tərtər rayonunun düşmənlə təmasda olan ərazisinə – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postuna gəlmişlər. Onlar düşmənlə üz-üzə olan postda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər. Qonaqlar əsgərləri bayram münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər.
Xidmətdə fərqlənmiş əsgərlərə, həmçinin kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirlərinə fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.