CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞAHMAT VƏ DAMA TURNİRLƏRİ KEÇİRİLMİŞDİR

             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq  Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində şahmat və dama turnirləri keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən şahmat üzrə turnirdə I yeri Məmmədov Nizami, II yeri Məmmədov Rəşad, III yeri Feyzullayev Ədalət, dama üzrə turnirdə I yeri İmanov Ayaz, II yeri Aslanov Səhman, III yeri Quliyev Şahin tutmuşlar.
Tədbirin rəsmi bağlanış mərasimində Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik – leytenantı Ramiz Quliyev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşları – inspektor, ədliyyə baş leytenantı Arif Əlizadə, inspektor, ədliyyə baş leytenantı Orxan Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Xəzər Universiteti Dünya Məktəbinin şahmat klubunun rəhbəri, FİDE Ustası Elşad Rzayev iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, qalibləri təbrik etmişlər.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.