“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının paytaxt mərhələsinə yekun vurulub

            Mayın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Bununla da zona birinciliklərinə yekun vurulub.  On yeddi məktəbin komandalarının qatıldığı birincilikdə Bakı ilə yanaşı, Sumqayıt və Abşeron şagirdləri qüvvələrini sınayıblar.

                  Yarışın açılış mərasimində çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, general-mayor Məhərrəm Həsənov, FHN ictimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığı bildirib.

                Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilib. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda Bakı şəhəri Yasamal rayonun 31 nömrəli orta məktəbin komandası birinci olub. Bakı şəhəri Nizami rayonun 220 nömrəli orta məktəbin komandası ikinci, Zəngi liseyinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər. İlk üç yeri tutmuş komandalar, həmçinin Sumqayıt şəhəri 43 nömrəli orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

                    Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıb.

                   VIII “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyinin final mərhələsi iyunun 23-dən 30-dək Qəbələ rayonunda keçiriləcək.