“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliklərinə yekun vurulmuşdur

    Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında  VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilmiş və bununla da may ayının 10-dan etibarən start götürmüş zona birinciliklərinə yekun vurulmuşdur. Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının da məktəbliləri qüvvələrini sınamışlar. Birincilikdə 17 məktəb komandasından ümumilikdə 119 nəfər məktəbli iştirak etmişdir.

   Birinciliyin açılış mərasimində çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Aydın Yusifov yarışların əhəmiyyətindən danışaraq bildirmişlər ki, bu tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Natiqlər yarış iştirakçılarına müvəffəqiyyətlər arzulamışlar.

     Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilmişdir. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilmişdir. Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası I, Bakı şəhəri Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin komandası isə III yerə layiq görülmüş və VI “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanmışlar.

    Qalib gəlmiş komandalar kubok və diplomlarla mükafatlandırılmışlar.

    Qeyd edək ki, VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliklərinə 10 may 2017-ci tarixindən start verilmiş və Bakı şəhəri üzrə keçirilən zona birinciliyi ilə yekun vurulmuşdur. Yarışların respublika birinciliyi 25 iyun-2 iyul tarixlərində Qəbələ rayonunda keçiriləcəkdir.