“İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

          Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, millət vəkili Aydın Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, fəal gənclər iştirak etmişlər.

            Konfransda çıxış edənlər bildirmişdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycan dövlətinin dünyada mövqeyini durmadan möhkəmləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və çevik islahatlar nəticəsində bu gün respublikamız sürətli inkişaf mərhələsini yaşayır.

        Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

       Sonra konfransda “Gənclərin Azərbaycanın sosial-iqtisadi inkişafında yeri və rolu “, “Müasir Azərbaycanda iqtisadi inkişaf-təhsil, səhiyyə və mədəniyyət”, “Azərbaycanda sosial-iqtisadi inkişafın istiqamətləri” nə dair məruzələr maraqla dinlənilmişdir.