Məktəblilər ADA ilə tanış oldular

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə A. Hüseynzadə adına 20 nomrəli tam orta  məktəb-liseyin bir qrup şagird, müəllim və  valideynləri   Azərbaycan Diplomatik Akademiyasında (ADA) olublar. Görüş gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilib.
Azərbaycan Diplomatik Akademiyasının Bakalavr proqramları üzrə Biznes fakültəsinin kuratoru Elşad Göyüşov məktəbliləri salamlayaraq  təşkil olunmuş bu görüşdən məmnun olduqlarını ifadə edib. O, Akademiya haqqında məlumat verərək bildirib ki, dövlət başçısı İlham Əliyevin 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürüb. Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə ötürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya vardır. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi vasitəsilə “Wi-Fi” və ya “bluetooth”la tələbələrin kompyuterlərinə ötürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompyuterlərində görə bilirlər.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə olunur.
Daha sonra şagirdlər Akademiyanın tələbə mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunub. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar vardır.
Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.