MƏKTƏBLİLƏR ARASINDA MİNİ-FUTBOL ÜZRƏ TURNİR BAŞA ÇATDI

       Nərimanov rayonu ərazisində yerləşən Məktəb – Lisey Kompleksinin mini-futbol meydançasında Bakı şəhər məktəbliləri arasında mini-futbol üzrə turnirin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuş yarış 2006 – 2007-ci il təvəllüdlü (V – VI sinif) oğlanlar arasında keçirilmişdir. Turnirdə I yeri Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası, II yeri Nizami rayonu 61 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov və Səməd Səmədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.