“Mini futbol” birinciliyinin final oyunu keçirildi.

  “Bakı-2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə  “Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən 1999-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında “Mini futbol” birinciliyinin final oyunu keçirildi.
Final qarşılaşmasında 1 saylı Sahə inzibati ərazi dairəsi və 2 saylı Sahə inzibati ərazi dairəsinin komandaları birincilik uğrunda mübarizə apardılar. Gərgin keçən oyunun nəticəsində 1 saylı Sahə inzibati ərazi dairəsinin komandası I yerə, 2 saylı Sahə inzibati ərazi dairəsinin komandası II yerə, isə Biləcəri qəsəbəsinin komandası III yerə layiq görülmüşdür.
Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qalib komandaları təbrik etdi. Bildirdi ki, “Bakı-2015” İlk Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən idman tədbirləri gənc nəslin sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edir. Sevindirici haldır ki, bu cür tədbirlərin keçirilməsi rayon sakinləri tərəfindən məmnunluqla qarşılanır.
Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman Əbdülov çıxış edərək idmançıları təbrik etdi, onlara gələcək yarışlarda uğurlar arzuladı.
Sonda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.