“Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ” Abşeron” Rəsm Qalereyasında Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.  Məlumat üçün bildirək ki, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edirdi. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənmişdir.

Tədbirdə  çıxış edən “Abşeron” qalereyasının direktoru Eldəniz İbrahimov bu tarixi faciənin acı nəticələrindən danışdı və bildirdi ki, bir sənətşünas kimi kiçik yaşlı uşaqların bu mövzuya müraciəti onda qürur hissi yaradır. Tədbirdə çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov da  gənc istedadları salamlamış və onlara gələcək işlərində uğurlar arzulamışdır.

 Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli  diplom və hədiyyələr  təqdim etdilər. Belə ki, Yasamal rayonundan Fidan Novruzova (60 saylı tam orta məktəb) 1-ci yer, Nəsimi rayonundan Əliağa Qarayev (1 saylı tam orta məktəb) 2-ci yer, Nərimanov rayonundan Aytən Nəsirova (93 saylı tam orta məktəb) isə 3-cü yerə layiq görüldü. Digər 17 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edildi.