Nəsimi rayon gənclərinin “2 fevral – Gənclər günü” münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib

     Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırdada günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.

   Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır.Qeyd olundu ki, Nəsimi rayon əhalisinin təqribən 30,8 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

  Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Nəsimi gənclərini təbrik edənlər arasında Milli Məclisin üzvləri – Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gərayzadə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan Universitenin rektoru Fərid Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov və digər rəsmilər iştirak edirdilər.