Nəsimi rayonunda Gənclər Günü qeyd edildi.

  Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

  Tədbirə dəvət olunan qonaqlar əvvəlcə rayonun  istedadlı  gənclərinin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər. Sərgidə nümayiş olunan rəsmlər tədbir iştirakçılarında  böyük təəssürat yaratdı.

  Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Nəsib Məhəməliyev açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. O, bildirdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması və təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafı üçün səyini əsirgəməmişdir. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, təhsil, mədəniyyət və idmandakı uğurları ilə Azərbaycana başucalığı gətirirlər.

  Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gəncləri təbrik etdi. O, ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı və bu sahədə əldə edilən nailiyyətlərdən danışdı. Qeyd etdi ki, gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bura həm gənclərin sağlam həyat tərzinə cəlb olunması, istedalı və yaradıcı gənclərlə bağlı, eyni zamanda gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlər aiddir. Bütün bu istiqamətlər üzrə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin milli mənəvi dəyərlərimizə, ümumbəşəri ideyalara hörmət ruhunda tərbiyə olunması, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq və istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasından ibarətdir.

  İncəsənət ustalarının da iştirak etdiyi tədbirdə daha sonra rayonun ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş və eləcə də, respublika və beynəlxalq səviyyəli yarışlarda, müsabiqələrdə   nailiyyətlər qazanmış bir qrup gəncə rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

 Sonra Rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzində təltif olunmuş gənclərlə dəyirmi masa təşkil olundu.  Dəyirmi masada gənclər rayonda aparılan gənclər siyasəti ilə bağlı öz rəy və təkliflərini Rayon İcra Hakimiyyətinin başçısına bildirdilər.