Nancinq Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar

   Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası avqustun 31-də Vətənə dönüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub.
Milli Olimpiya Komitəsinin nümayəndələri, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıblar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, Olimpiya Oyunlarında qazanılan 12 medal böyük nailiyyətdir. Bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz Çində mübarizə aparan Azərbaycan idmançılarının hamısından medal gözləyirdik və onların buna potensial imkanları da var idi. Amma bu idmandır, qalibiyyət olduğu kimi, məğlubiyyət də olmalıdır. Mötəbər yarışda qazanılan bu uğura görə Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş, yunan–Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb. Bununla da Azərbaycan 204 iştirakçı ölkə və medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Respublikamız Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. Yarışda iştirak edən 21 idmançıdan 12-si Vətənə medalla qayıdıb.
İdmançılarımızdan Səid Quliyev (73 kq) taekvondo, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov (63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq) sərbəst güləş üzrə qızıl medala sahib olublar.
Olimpiya Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvondo, Baris Yotov avarçəkmə (1 nəfərlik qayıq), Cabbar Nəcəfov (50 kq) yunan-Roma güləşi, Leyla Qurbanova (52 kq) qadın güləşi yarışlarında gümüş, Nazim Babayev isə atletika (3 təkanla tullanma) üzrə bürünc medal qazanıblar.
Sinqapurda yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarına nəzər salsaq, bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə təmsil olunmuşdu. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutmuşdu.