Novruz bayramı münasibətilə N saylı hərbi hissədə matros və zabit heyəti ilə görüş keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclərin Töhvəsi İctimai Birliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində matros və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə hərbi hissənin komandanlığı, Baş İdarənin əməkdaşları, Gəncliyə Yardım Fondunun rəsmiləri, şairlər, ictimai fəal gənclər və qonaqlar iştirak etmişlər.

Tədbirdə baş idarənin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov çıxış edərək Gənclər və İdman Nazirliyi və Baş İdarənin rəhbərliyi adından Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.

Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup matros və zabit heyəti Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.

Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkür etmiş, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, matros və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirmişdir.

Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam etmiş, əsgərlər vətənpərvərlik mahnılarının sədaları altında rəqs etmişlər.