Penitensiar xidmətin Тərbiyə Müəssisəsində mini-futbol üzrə turnir keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 11 dekabr 2013-cü il tarixdə Penitensiar xidmətin Tərbiyə Müəssisəsində mini-futbol üzrə turnirin final oyunları keçirilmişdir.
Gərgin oyun şəraitində keçirilən turnirdə I yeri Sahil komandası, II yeri Araz komandası, III yeri Şahin komandası tutmuşdur. Sonda turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev, Penitensiar xidmətin Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə baş leytenantı Əşrəf Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin son illər Cəzaçəkmə Müəssisələrində futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsi kimi mini-futbol meydançasının yüksək səviyyədə istifadəyə verilməsini bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları və kubokla təltif olunmuşlar.