POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ YARIŞ KEÇİRİLMİŞDİR

           Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çağırışa qədər və şağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları – baş məsləhətçi Salman Əbdülov, baş məsləhətçi Kamal Əhmədov, baş məsləhətçi Səməd Səmədzadə, yarışın baş hakimi, Azərbaycan Atletika Federasiyasının hakimlər kollegiyasının sədri Şirin Vəliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 1000 m məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma növlərindən ibarət olmuşdur.

         Yekun nəticələrə əsasən komanda hesabında I yeri Nərimanov rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Xətai rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri Səfərov Kamran (Nərimanov rayonu), II yeri Paşayev Murad (Nizami rayonu), III yeri Əmrəliyev Turan (Nərimanov rayonu) tutmuşlar. Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.
Bakı şəhər çempionatında I və II yerləri tutmuş Nərimanov və Nizami rayon komandaları 7 noyabr tarixində Xaçmaz rayonunda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.