Qaradağ rayon gənclərinin toplantısı keçirilib

  Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VII Ümumrespublika Forumu ilə əlaqədar Qaradağ rayon gənclərinin toplantısı keçirilib. İlk öncə tədbirə gələn qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzüb, hörmət və ehtiramlarını bildiriblər.

  Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasovun Azərbaycan gənclərinin VI forumundan keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabatı dinlənildi. O, gənclərə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, 1994-cü il iyulun 26-da dövlətimizin başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, dövlət gənclər siyasəti hazırlanaraq həyata keçirilməyə başlanılmışdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirilmişdir. Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə hüquqi baza yaratmaqla ölkəmizdə müasir gənclər siyasətinin əsasını qoymuşdur. Dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdiyini deyən natiq bildirmişdir ki, dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaratmışdır. Ötən dövr ərzində rayonda gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənclər siyasətinin bütün sahələri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil və digər sahələrdə gənclərin xidmətlərinin düzgün qiymətləndirilməsi istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdırdı.

  Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev öz çıxışlarında gənclərə belə yüksək dəyərin verilməsini Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.

  Sonda Azərbaycan gənclərinin VII forumuna nümayəndələr seçilərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.