QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü qeyd edilmişdir

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş “QİÇS-lə mübarizədə fəal ol!” şüarı altında təbir keçirilmişdir.
Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış etmişdir. O, demişdir ki, xatirə gününün ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini yaşayan insanlar tərəfindən təsis edilmişdir. R.Abbasov qeyd etmişdir ki, bütün insanların bu xəstəlik haqqında düşünüb, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin QİÇS-dən sığortalanmadığını dərk etməlidirlər. Bildirilmişdir ki, xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-dən yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə bu haqda düzgün informasiya çatdırmaq məqsədi daşıyır.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrinin çıxış və İİV/QİÇS-dən vəfat olmuş insanların xatirəsinə həsr olunmuş konsertlə davam etmişdir.
Sonda Azərbaycanda bu amansız xəstəlikdən vəfat etmiş insanların siyahısını əks etdirən videoçarx nümayiş olunmuşdur.