Raqif Abbasov: “Ayrı-ayrı ölkələrdəki təqdimatlar dövlətimizin idmana münasibətini göstərir”

   “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında iştirakı dövlətimizin Avropa Oyunlarına münasibətinin əyani sübutudur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

     O qeyd edib ki, Prezident İlham Əliyevin Davosdakı çıxışı ilk Avropa Oyunlarının əhəmiyyətini və dünyanın böyük idman bayramı olacağını bir daha açıq şəkildə göstərib:“Prezident İlham Əliyevin bu idman bayramının hazırlığında 40-dan çox ölkənin nümayəndəsinin vahid bir ailə olaraq Azərbaycanda çalışdığını vurğulaması ölkəmizin tolerantlıq məkanı olmasının göstəricisidir. Çıxışı zamanı cənab Prezident ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin iki əsas səbəbini açıqladı. Dövlət başçısı dedi ki, idmançılarımızın Olimpiya, dünya və Avropa çempionatlarnda göstərdikləri nəticələr və ölkəmizin dinamik inkişafı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev çıxışında dünyaya çağırış etdi. O, ilk Avropa Oyunları zamanı dünyadakı bütün müharibələrin dayandırılmalı olduğunu vurğuladı. Bu, dünyaya mesaj idi və çox böyük əhəmiyyət kəsb edir. Dünya mütəxəssisləri və siyasətçiləri tərəfindən bu fikirlər böyük rəğbət və maraqla qəbul edildi. Cənab Prezidentin Avropa Oyunlarının standartlarının məhz Bakıda müəyyənləşdiriləcəyini, ölkəmizin çox sayda azarkeş və turistləri qəbul etməyə hazır olduğunu bildirməsi də çox əhəmiyyətlidir.

     Ayrı-ayrı ölkələrdəki təqdimatlar dövlətimizin idmana, kütləvi bədən tərbiyəsinə münasibətini göstərir. Azərbaycan dünyaya artıq öz idman siyasəti modelini ixrac etməyə başlayıb”.

Elgün Vidadioğlu