Raqif Abbasov: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir”

 “Ənənəvi olaraq, Milli Olimpiya Komitəsində Prezident İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Cənəb Prezident 2015-ci ildə əldə olunmuş idman nailiyyətlərinə yüksək qiymət verdi”. Bu sözləriSİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Baş İdarə rəisi bildirib ki, dövlət başçısı idmançıların qarşısında 2016-cı ildə də uğurları davam etməyi məqsəd qoyub: “Cənab Prezident çıxışında xüsusi olaraq birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini, Azərbaycan  komandasının 56 medal qazanmasını, Dünya və Avropa Olimpiya Komitələrinin, beynəlxalq idman federasiyalarının Oyunlarına yüksək qiymət verdiklərini vurğuladı. Ölkə başçısı 2016-cı il üçün idman ictimaiyyəti, məşqçilər, hakimlər, klub və cəmiyyətlər, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalara öz tapşırıqlarını verdi. Prezident qarşıdan gələn ildə də yüksək nailiyyətlərin əldə olunmasını, regionlarda olimpiya komplekslərinin tikintisinin davam etdirilməsini, ölkəmizdə keçirilməsi nəzərdə tutulan Formula-1 Avropa Qran Pri yarışının və Şahmat Olimpiadısının hazırlıq işlərinin yüksək səviyyədə aparılmasını, Rio Olimpiadasına maksimum lisenziyaların qazanılmasını tapşırdı”.

  R. Abbasov bildirib ki, dövlət başçısı 2016-cı ildə də idman ictimaiyyətinin yüksək mükafatlarla təltif olunacağını qeyd edib: “Prezident vurğuladı ki, 2016-cı ildə də idmançıların sosial və məişət problemlərinin həlli istiqamətində ciddi işlər aparılacaq, onlar mənzillər, fəxri adlar və digər mükafatlarla təltif olunacaqlar. İdman ictimaiyyəti də Prezidentin idmana olan diqqət və qayğısına görə Ona minnətdarlığını bildirdi və idmançılarımız söz verdilər ki, növbəti ildə də üçrəngli bayrağımızın yüksəldilməsi, dövlət  himnimizin səsləndirilməsi üçün əllərindən gələni edəcəklər. İdman ictimaiyyətinin nümayəndələri fürsətdən istifadə edərək, ölkə başçısını doğum günü münasibəti ilə təbrik etdilər”.