Şahinlər hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.

            Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Şahinlər hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik  leytenant  Niyaz Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Şahinlər hərbi idman oyununun komandanı Yaşar Abbasov, iştirakçı komandaların üzvləri iştirak ediblər.

          Tədbirdə cıxışçılar gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini qeyd edərək Azərbaycan gənclərinin hər zaman torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını vurğulayıblar.

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Şahinlər hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu vurğulayıb. O, bu gün Azərbaycanda güclü, intelektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişdiyini diqqətə çatdırıb. Baş İdarə rəisi gənclərimizdə Vətən sevgisinin yüksək olduğunu, onların topraqlarımızın işğaldan azad edilməsi üçün döyüşə hazır olduqlarını qeyd edib. R.Abbasov aprel döyüşlərində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi qələbəmizin buna sübut olduğunu vurğulayıb.

          Çıxışlar başa çatandan sonra yarışların hakimi baş hakimə məruzə edib və komandalar öz bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandalar təntənəli marşla sıra adımı ilə hərəkət ediblər. Sonra komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması,tüfəngdən hədəfə atəş aşmaq, fiziki hazırlıq, maneələrin dəf olunması,mülki müdafiə hazırlığı, çadırın qurulması mərhələləri üzrə mübarizə aparmışlar.

            Qeyd edək ki, yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı, Şuşa və Laçın rayon komandaları da iştirak ediblər. Nəticələrə görə I yerə Suraxanı rayonu 285 saylı orta məktəb, II yerə Yasmal rayonu 20 nömrəli məktəb-lisey, III yerə isə Binəqədi rayonu 100 nömrəli tam orta məktəb layiq olmuşlar. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.