ŞAHMAT ÜZRƏ BAKI ÇEMPİONATINA START VERİLDİ

  10 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatına start verildi. Yarışda 46 nəfər idmançı (onlardan 12 nəfəri qadınlardır) iştirak edir. Kişilər arasında yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə, qadınlar arasında yarışlar 11 turdan ibarət dairəvi sistem üzrə keçirilir. Yarışların açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
Kişilər arasında yarışda ilk 5 yeri tutan idmançı 1 dekabr 2014-cü il tarixdə keçiriləcək birinci dəstəyə, qadınlar arasında yarışda birinci  yeri tutan idmançı 2015-ci ilin yanvar ayında keçiriləcək qadınlar arasında respublika çempionatına vəsiqə qazanacaqlar.