Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

    Milli Qəhrəmanımız  Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn günü ilə ilə əlaqədar bu gün anım mərasimi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  gənclər, idmançılar, qazilər   şəhidlərimizin məzarını ziyarət ediblər.  Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

  Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov və Fərid  Əhmədov həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib. Daha sonra idman ictimaiyyətinin nümayəndələri, qazilər qəhrəmanların şərəfli döyüş yolu haqqında danışmış və gənclərimizin Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bildirmişlər. Həmçinin çıxış edənlər qeyd etdilər  ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və ordu quruculuğu istiqamətində görülən işlər cənab Prezident İlham Əliyevin daim nəzarətindədir.

     Daha sonra şəhid Fərid Əhmədovun anası   Nərgiz  xanım tədbir təşkilatçılarına və ziyarətə gələnlərə, şəhidlərimizin xatirəsini əbədi tutan hər bir kəsə öz minnətdarlığını bildirdi.

    Tədbirin sonunda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və himnimiz canlı oxunmuşdur.